Oxuduğunuz bu məqalədə Şəhid Həsənağa barədə söhbət açacağıq.
Bildiyimiz kimi, dünyanın bir sıra müstəmləkəçi qüvvələri və sionist rejim daima İslamın, xüsusilə də şiəliyin əleyhinə mübarizə aparır və öz məkrli planlarını həyata keçirməyə çalışırlar. Dünyanın aparıcı media və informasiya qrumlarına sahib olan bu mənfur qüvvələr hər zaman şiəlik əleyhinə yalan və qondarma xəbərlər yayır, beynəlxalq ictimaiyyətin nəzərində İslam və müsəlmanları pisləyərək İslamafobiya yaratmağa çalışırlar.
Nəhayət bu cür mənfur qüvvələrin çoxhədəfli planları əsasında Cənubi Qafqazda İkinci Qarabağ Müharibəsi başladı.
Azərbaycanın qəhrəman oğulları kimi Şəhid Həsənağa da işğal altındakı torpaqların azad edilməsi üçün cəbhəyə yollandı. Qeyd edək ki, əsgərlərimiz döyüşdə “Allah! Muhəmməd! Ya Əli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allahu Əkbər”, “Lə iləhə illəlləh”, “Muhəmmədun Rəsulullah!”, “Əliyyən Vəliyyullah”, “Ya Muhəmməd! Ya Əli! Kimdir axı erməni?!” kimi dini şüarlar verir və daima Əhli-beyt (ə) məktəbinə bağlı olduqlarını göstərirdilər. Beləliklə, onlar bu uğurda şəhidlik zirvəsinə ucalmağa can atırdılar.
Belə dindar zabitlərimizdən biri də Şəhid Həsənağadır. Azərbaycanın Talış Bölgəsinin Lənkəran şəhərindən olan Həsənağa Abdullazadə 1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olub. O, uzun illər övlad həsrəti çəkən ailənin yeganə övladı idi.
O, 1999-2007-ci illərdə R.Bədəlov adına 9 saylı Lənkəran şəhər tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) sona yetirib. Ali məktəbi “leytenant” hərbi rütbəsi ilə bitirdikdən sonra 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurub.
Həsənağa Abdullazadə 2020-ci il sentyabrın 27-də müharibə başlanan günü Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, daha sonra isə Ağdərə və Kəlbəcər cəbhələrində vuruşub.
Ailəsi ilə telefon danışığında “Mən öz istəyimə çatacam, Kəlbəcərə bayrağı mən sancacam” deyən komandir Həsənağa təəssüf ki, döyüş yoluna sonadək davam edə bilmir. Anası belə deyir: “Axırıncı dəfə oktyabr ayının 1-i danışdıq. Bizə harada olduğunu demədi, atası Kəlbəcəri nəzərdə tutaraq şifrəli formada soruşdu ki, kəndə tərəf? Dedi, “hə”. Müəyyən əraziləri azad ediblər, amma sonra pusquya düşüblər.”
Şəhidin atası bu haqda deyir:
112 gündən sonra bizim uşağımızı bizə təhvil verəndə (atası ağlayır) mənim oğlumda bir qram dəyişilik yox idi. Mən hətta gedib darağ aldım onun saçlarını daradım… Əvvəl yaxınlaşmaq istəmirdik. Uşağımızdan imtina edirdik. Güya ki, tanımırıq, güya bizim oğlumuz deyil… Bircə o qalmışdı ki, Həsənağa dura və dilə gələ ki, Atacan niyə mənə yiyə durmursan? And olsun Allaha… ( atası kövrəldiyindən danışa bilmir)