Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu ölkənin Tehrandakı səfirliyinin öz fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi verdiyi bəyanatda bildirib ki, həyata keçirilmiş danışıqların ardınca, ölkənin Tehrandakı səfirliyi 15 İyun 2024-cü ildə yeni məkanda öz fəaliyyətini bərpa edib.
Nazirlikdən verilən məlumata əsasən, Azərbaycan Respublikasının hazırkı səfiri və diplomatik heyəti İrana qayıdıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən, həmçinin bildirilib: İran “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası” çərçivəsində diplomatik mühafizə sahəsində öhdəsinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan Respublikasının səfirliyinin yeni binası qarşısında təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirlər görüb.
Verilən məlumata əsasən, hazırda Azərbaycan Respublikasının İrandakı səfirliyinin yeni binasında konsulluq xidmətlərinin təşkil olunması üçün müvafiq tədbirlər görülür və bu yaxınlarda konsulluq xidmətlərinin bərpası ilə bağlı əlavə məlumat veriləcək.
Azərbaycan Respublikasının səfirliyinin yeni ünvanı Tehran şəhəri, Dorus məntəqəsi, Kolahduz prospekti, Yarməhəmmədi küçəsi, Saqi və Firuzkuh küçələrinin kəsişməsi, 8 nömrəli binada yerləşir.
Həmçinin verilən məlumatda qeyd edilib ki, Səfirliyin bərpası Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı münasibətlərin daha da genişlənməsinə, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında iki ölkə arasında əldə olunmuş razılaşmaların icra olunmasına və həll edilməli olan məsələlərin həllinə kömək edəcək.