Rəcəb Məmmədov
Adı: Məmmədov
Soyad: Məmmədov
Ad: Rəcəb
Ata adı: Xalid
Doğum tarixi: 22.07.1995
Şəhid olub: 09.10.2020
Rütbə: Əsgər
“Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rəcəb Məmmədovdur.
Məmmədov Rəcəb Xalid oğlu 22 iyul 1995-ci ildə Ucar rayonunda anadan olmuşdur. 2014-cü ildə hərbi xidmətə çağırılmışdır. II Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə döyüş bölgəsinə getmişdir. Füzuli istiqamətində gedən gərgin döyüşlərdə bir neçə erməni canlı qüvvəsini məhv edib.
06.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhidlik zirvəsinə ucalib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
haqqında yazılam məqaləni diqqətinizə çatdırırıq:
Ali Baş Komandanımızın rəhbərliyilə Azərbaycan əsgəri və zabiti ən yeni tariximizin ilk səhifələrini 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə yazdılar. Şəhidlərin qanı ilə yazıldı bu tarix. Vətən müharibəsinin ölməz qəhrəmanlarından biri Məmmədov Rəcəb Yolçu oğlu qələbəyə üç gün qalmış Xocavənd ərazisində düşmən snayperi tərəfindən gicgahından vurulub, yanındakı üç əsgər yoldaşı ilə birgə qəhrəmancasına həlak olub. Noyabrın 7-də şəhid olan Rəcəbin noyabrın 23-də 24 yaşı tamam oldu.
1996-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olan Rəcəb 2002-ci ildə doğma kəndlərində birinci sinifə getsə də, Bakı şəhəri Xətai rayonundakı 269 saylı orta məktəbdən məzun olub. Rəcəb 7-ci sinifdə oxuyanda ailəsi Bakıya köçüb və o burada orta, sonra isə ali məktəbi bitirib. 2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olan Rəcəb 2019-cu ildə ali məktəbi bitirib, magistr təhsili almaq üçün qardaş Türkiyəyə gedib. Orada bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyan Rəcəb Bakıya qayıdır və evdə bildirir ki, Vətənə borcunu ödəmək üçün əsgərliyə getmək istəyir, magistr təhsilini sonra davam etdirmək niyyətindədir. 2020-ci ildə Ağdamda əsgəri xidmətə başlayan Rəcəbin ən böyük arzusu işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində iştirak etmək olub.
Rəcəb fərqli uşaq idi. Heç o biri uşaqlarıma bənzəmirdi, uşaqla uşaq, böyüklə böyük olmağı bacarırdı, hamı ilə dil tapırdı. İnanın, o, şəhid olanda hamı ağladı, bütün qonşular, qohumlar ağladı. Hamı deyir ki, Rəcəbi unuda bilmirik, elə bil ürəyimizin içində oturub. O, taleyindən gileylənən uşaq idi. Hey deyirdi ki, mənim şansım niyə yoxdur, niyə bəxtsizəm, axar suyun üstünə gedirəm, su quruyur? Çətinlikləri çox olurdu. İşi daşdan keçirdi. Adicə yoldaşım uşaqlar üçün sənəd hazırlayanda Səfanın və Mədinənin sənədləri tez hazırlanırdı, amma Rəcəbin sənədləri ilə bağlı mütləq bir problem çıxırdı. Atası da deyirdi ki, bu uşaqda nə isə var, onun bütün işləri çətinliklə düzəlir. Ona görə də balam bəxtindən hey giley edirdi. Mən də deyirdim ki, gileylənmə, ay oğul, Allah səni sevir, sən Allaha yaxın qulsan, səni çətinliklərlə sınağa çəkir, sənin həmişə onu yada salmağını, dua etməyini istəyir. Deyirdim ki, ay Rəcəb, Allah sevdiyi qulu daha çox sınağa çəkir. Sonra gördüm ki, yavaş-yavaş cahillikdən ayılır, deyirdi, ay ana, düz deyirsən, Allah məni sevdiyi üçün işlərimi çətinə salır, dərk edirdi həyatı. Dindar idi, namaz əhli idi, Allaha bağlı uşaq idi. Peyğəmbərimizə salavatı sevərdi. Türklərdə bir salavat var, mahnı ilə. Rəcəb onu qoyub qulaq asırdı, deyirdi ki, ay ana, bu, mənim ürəyimə yağ kimi yayılır, elə xoşlayıram bunu”.
Zinyət xanım deyir ki, Rəcəb əsgərliyə gedəndə onu rəfiqəsinin qızı ilə nişanlamaq istəyib, amma oğlu razı olmayıb. Deyib ki, mən əsgərliyə gedirəm, birdən müharibə başlayar, şəhid olaram, yaxud ağır yaralanaram, ona görə də o qıza ümid verib gözlətmək istəmirəm: “İstədiyi qız yox idi. Bir rəfiqəm var, Rəcəbə onun qızını almaq istəyirdim. Dedim ki, ay Rəcəb, gəl səni nişanlayaq, ondan sonra əsgərliyə get. Dedi ki, ay ana, mən bilmirəm əsgərlikdən hansı vəziyyətdə qayıdacağam, müharibə şəraitindəyik, birdən müharibə başlayar, ya şəhid olaram, ya şikəst qayıdaram, onda bu qızın vəziyyəti nə olar? Nişanlanmağa heç cür razı olmadı, dedi ki, istəmirəm camaatın qızını gözlədim, birdən geri qayıtmadım, onda nə olacaq, o qızı kim alacaq? Sağ-salamat qayıdım, sonra evləndirərsən məni. Elə bil şəhid olacağı ürəyinə dammışdı. Sanki özünü şəhidliyə hazırlayırdı. Balam Ləkinin Şəhidlər xiyabanında dəfn olunub. Rəcəbim qələbəni görməyi çox arzulayırdı, amma balam qələbəni görə bilmədi, qələbəyə üç gün qalmış şəhid oldu. Mən bircə ona yanıb-tökülürəm ki, balam qələbəni görmədi. Hey deyirdi ki, biz qələbə qazanacağıq, əsgərlərimiz çox cəsurdur, çox igiddir, çox qorxmazdır, biz düşmənin başına öd ələyirik, düşmən qabağımızdan qaçır, bizimlə üzbəüz döyüşə bilmir. “Əsgərlərimiz bir addım da geri çəkilmir, özlərini düşmənin üzərinə atıb şir kimi düşməni parçalayırlar” deyirdi balam, amma demirdi ki, onların arasında mən də varam… Balam heç özünün qəhrəmanlığından, döyüş yolundan danışmadı mənə… Anayam, ürəyim yanır, amma özümü tox tuturam, deyirəm ki, qəddini əymə, başını dik tut, sən cəbhəyə iki oğul yola salan anasan, Vətənin dar günündə balalarının canını Vətəndən əsirgəməmisən. Vətənin müdafiəsinə iki oğul yola salan ana kimi qürur hissi keçirirəm. Yansam da, acılar çəksəm də, təsəllim oğlumun uca şəhidlik adıdır. Allaha çox şükürlər olsun ki, Rəcəb kimi, Səfa kimi mərd, cəsur, igid oğullar böyütmüşəm, heç bir düşmən qabağından qaçmadılar. Mən oğlanlarımın igidliyi ilə fəxr edirəm. Vətən sağ olsun! Allah Rəcəbimin yerini rahat etsin. Üç həftədir balam torpağa tapşırılıb. Bala itkisi çox ağırdır, amma təsəllim odur ki, Vətənin müdafiəsi uğrunda şəhid olub. Balalarımızın canı, qanı bahasına, qəhrəmanlıqları, cəsurluqları sayəsində torpaqlarımız işğaldan azad olundu və canımız töhmətdən qurtardı, başımız dikəldi, əyilən qamətimiz düzəldi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.