O vaxt gözümüzdə yetkin bir kişi idi. Amma demə, cəmi 25 yaşı varmış. Saf, vətənpərvər bir gənc.
Şuşada “Aşağı zapravka” postunda əlində adi Kalaşnikov avtomatı ilə Xankəndindən hücuma keçən rus və erməni qara qoşunlarının qarşısına çıxan 27 nəfərdən biri idi. Qeyri-bərabər döyüşdə Vətən yolunda canından keçən gəhrəmanlardan biri.
Şəhid Akif Rəsulov sağ qalsa, bu gün 56 yaşı tamam olacaqdı. Amma olmayacaq, o gənc ikən və belə bir simpatik siması ilə Şuşanın işğal edildiyi gün əbədiyyətə qovuşdu.
Ruhun şad olsun, Akif. Həmişə belə gənc və gülərüz qalacaqsan yaddaşımızda, heç vaxt qocalmayacaq, heç vaxt ölməyəcəksən.
Həmin gün o postda şuşalı komandirimiz Cavad Şükürov, Zaqataladan könüllülər Abdulla Eminov, Afər Mütəllibov, Aslan Babasıyev, Bayram Səfərov, Akif Rəsulov, Əhməd Abdulov, Əkbər Məmmədov, Balakəndən Nəsrəddin kişi, Laçından Yaşar bəy, Beyləqandan Zakir Həşimov, onun xalası oğlu İltifat bəy və digərləri – cəmi 24 nəfər şəhid oldular.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Mustafa Hacıbəyli