Şəhid Kərbəlayi Əli Turac oğlu Quliyev barəsində qısa məlumat – Video

İkinci Qarabağ Müharibəsində bəziləri İslam torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış, bəziləri isə müxtəlif bədən xəsarətləri alaraq qazi olmuşlar. Belə qəhrəmanlardan biri də Şəhid Kərbəlayi Əli Quliyev Turac oğludur.
Düşmən Ermənistan qüvvələrinin Azərbaycan Respublikasına qarşı başlatdığı İkinci Qarabağ Müharibəsində Allahın bəxş etdiyi ruh yüksəkliyi ilə vətənimizin şiə övladları düşmənə qarşı qəhrəmancasına vuruşaraq torpaqlarımızı azad edirdi. Belə döyüşlərin birində qəhrəmancasına şəhid olan kəslərdən biri də Quliyev Əli idi.
Quliyev Əli Turac oğlu 20 oktyabr 2001-ci ildə İran İslam Respublikasının Məşhəd şəhərində dünyaya göz açıb. Altıncı sinfə qədər təhsilini orada alıb. Bundan sonra o, ailəsi ilə birlikdə doğma yurda – Masallı rayonunun Böyük Kolatan kəndinə dönüb. Təhsilini şəhid Simran Rzayev adına kənd tam orta məktəbində davam etdirib. 2019-cu ildə orta təhsilini başa vurub.
O, sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində düşmənin bir neçə postunun alınmasında fəal iştirak edib. Oktyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Şəhid 29 oktyabr tarixində Böyük Kolatan kənd (Bağıroba) qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Silahlı Qüvvələrin əsgəri Əli Quliyev (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir